Formula 1: Maks Ferstappen 2023 mövsümünün çempionu oldu

Oktyabrın 7-də “Lusail” avtodromunda Qətər qran-prisinin sprint yürüşü “Red Bull”un holland pilotu Maks Ferstappen üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Ferstappen komanda yoldaşı, meksikalı pilot Serxio Peresin gözlənilməz qəza keçirməsi ilə, mövsümün çempionluğunu özü üçün təmin etmiş olub.

Belə ki, yürüş zamanı Serxio Peresin bolidi döngələrin birində “Alpin”in pilotu Estaban Okon və “Haas”ın pilotu Niko Hülkenberqin bolidləri ilə toqquşub. Peres cari mövsümün çempionluğunu qazanmaq üçün nəzəri riyazi imkanları olan yeganə pilot idi. Çempionatın başa çatmasına altı mərhələ qalmış Peresin hesabında 223 xal vardı və Ferstappen meksikalı pilotu 177 xal qabaqlayırdı, çempionatda isə qazanılacaq 180 xal qalırdı.

Beləliklə, Ferstappen ardıcıl üçüncü dünya çempionluğunu qazanıb. Holland pilot buna qədər 2021, 2022 mövsümlərində dünya çempionu olmuşdu. Ferstappen 3 dəfə dünya çempionu ola bilmiş 11-ci pilotdur. Daha əvvəl 10 sürücü bu rəqəmə çatıb. Bunlar argentinalı Xuan Manuel Fanxio, avstraliyalı Cek Brabham, britaniyalılar Ceki Stüartla Luis Hamilton, avstriyalı Niki Lauda, braziliyalılar Nelson Pike, Airton Senna, fransız Alen Prost və almanlar Mixael Şumaxerlə Sebastyan Fetteldir. Onların bəziləri daha çox titul əldə ediblər.

Hazırda Maks bir mövsümdə qələbələrin sayına (15) və ardıcıl qazanılan qran-prilərin sayına (10) görə rekord sahibidir.

Qətər sprintini isə 35:01.297 vaxt göstəricisi ilə “Maklaren”in avstraliyalı pilotu Oskar Piastri qazanıb. Ferstappen 2-ci (+1.871), “Maklaren”in britaniyalı pilotu Lando Norris (+8.497) isə 3-cü olub.

Qətər qran-prisində əsas yarış bu gün keçiriləcək.

Hazırda pilotların ümumi hesabında ilk üçlük belədir:

  1. Maks Ferstappen (“Red Bull”) – 407 xal;
  2. Serxio Peres (“Red Bull”) – 223 xal;
  3. Lyuis Hemilton (“Mersedes”) – 194 xal.

Mühəndislər Kubokunda ilk üçlük belə sıralanıb:

  1. “Red Bull” – 630 xal;
  2. “Mersedes” – 314 xal;
  3. “Ferrari” – 290 xal.

Vurğulayaq ki, Formula 1 üzrə ən çox dünya çempionu olmuş pilotlar – əfsanəvi alman pilot Mixael Şumaxer və ingilis pilot Lyuis Hemiltondur. Hər iki yürüşçünün hesabında 7 dünya çempionluğu var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: