Renat Dadaşov “Hatayspor”da qol hesabını dublla açdı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində “Konyaspor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.

Dadaşov bu oyuna start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da azərbaycanlı hücumçu vurub. O, 22-ci dəqiqədə penaltidən dəqiq yararlanıb. 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan hücumçu 55-ci dəqiqədə də başla fərqlənərək gözəl qola imza atıb.

Bununla da Dadaşov həm “Hatayspor”da və Türkiyə Super Liqasında qol hesabını açıb, həm də eyni matçda dublunu rəsmiləşdirmiş olub.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 8 turdan sonra 14 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov yeni komandasında 4 oyun keçirib və 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: