Joze Mourinyo: “Səudiyyə Ərəbistanında işləyəcəyimə əminəm”

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo nə vaxtsa Səudiyyə Ərəbistanı çempionatı klublarından birində çalışacağını bildirib.

Arena.az “Corriere dello Sport”a istinadən Mourinyonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hazırda “Roma”dayam, bütünlüklə bu kluba köklənmişəm və buradakı işimin son gününə qədər bütün gücümü verəcəyəm. Gələcəyi heç kim bilmir, amma mən Səudiyyə Ərəbistanında işləyəcəyimə inanıram. Bunun nə vaxt baş verəcəyini bilmirəm, amma əminəm ki, bunu mütləq edəcəyəm.

Səudiyyə Ərəbistanı Liqasının inkişafı haqqında nə deyə bilərəm? Məncə, bu, oraya ilk gəlmiş və imkanları dəyişmiş Ronaldonun təsiridir. Bu, futbolçuların karyerasının sonunda deyil, güclərinin aşıb-daşan çağında gəlməsində özünü göstərir. Ərəbistandakı rəqabət gerçəkdir”, deyə “Mour” bildirib.

Xatırladaq ki, “Roma”nın sahibi Den Fridkin son vaxtlar portuqal mütəxəssisin “canavarlar”ın başında göstəridyi nəticələrdən narazıdır və hətta portuqal mütəxəssisi istefaya göndərmək fikrində olub.

Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).

Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: