Bu gün Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, yarışda Azərbaycanın üç çimərlik güləşçisi də mübarizə aparır.
Yarışın ilk günündə qrup mərhələsinin ilk 2 turunun görüşləri keçirilib. Güləşçilərimizin nəticələri belə olub:
70 kq
Ramiz Həsənov – Aleksey Boruta 1:2
Ramiz Həsənov – Peyman Zolfaqarxarat 3:0
90 kq
İbrahim Yusubov – Aleksey Yakovçuk 3:1
İbrahim Yusubov – Aşxan Azizi 3:1
+90 kq
Oyan Nəzəriani – Fatih Yaşarlı 0:1
Oyan Nəzəriani – Qabriel Rangel 5:0
Sabah qrupda sonuncu turun görüşləri, yarımfinal və final qarşılaşmaları baş tutacaq.
Bu yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq. Yekun nəticədə hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.
Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilib. 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Ramiz Həsənov (70 kq) Argentinada bürünc, İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə edib.
İyunun 10-dan 11-nə qədər Sinqapurda təşkil olunmuş ikinci mərhələdə isə yalnız İbrahim Yusubov (90 kq) bürünc medal qazanıb.
Dünya Seriyasının üçüncü mərhələsi iyunun 29-30-da Fransanın Sen-Loren-du-Var şəhərində baş tutub. Bütün rəqiblərinə qalib gələn İbrahim Yusubov (90 kq) çempion olubsa, Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) üçüncü yeri tutublar.
Sentyabrın 7-8-də Rumıniyanın Konstansa şəhərində baş tutan dördüncü mərhələdə isə İbrahim Yusubov qızıl, Ramiz Həsənov və Oyan Nəzəriani gümüş medal qazanıblar.


