Məhkəmə Lautaro Martinesi təzminat ödəməyə mükəlləf etdi

Milan məhkəməsi müvafiq qərarı ilə “İnter”in argentinalı hücumçusu Lautaro Martinesi pul təzminatı ödəməyə mükəlləf edib.

Arena.az “Sportitalia” dərgisinə istinadən məlumat verir ki, Martines keçmiş dayəsini nahaq işdən qovduğuna görə, məhkəmənin qərarı əsasında zərərçəkmiş qadının ailəsinə təzminat ödəməlidir.

Futbolçu 27 yaşlı dayəsinin sağalmaz xəstəliyindən xəbər tutduqdan sonra onu işdən çıxarıb. Bundan əvvəl dayə səkkiz ay Martinesin ailəsində işləyib. Daha sonra dayə vəfat edib.

Dayənin ailəsi Lautaronu məhkəməyə verib. Məhkəmə öz növbəsində zərərçəkmişlərin tələblərini təmin edib. İndi Martines dayəni işdən kənarlaşdırdığı üçün onun ailəsinə təzminat ödəyəcək. Təzminatın məbləği açıqlanmayıb.

Lautaro Martines məhkəmənin bu qərarını narazılıqla qarşılayıb və özünün sosial şəbəkə hesabları üzərində məhkəmənin qərarını şərh etdiyi yazı dərc edib:

“Bizə hörmət etməyən ailəyə hörmətimdən, uzun müddət susdum. Amma ailəmi rüsvay etmələrinə icazə verməyəcəyəm. Onsuz da xəstə olan və uzun illər dostumuz olan bir adamı işə götürdük.
Biz onun və ailəsi üçün çox şey etmişik. Biz onların biletlərinin pulunu ödədik ki, onlar uçub gələ bilsinlər, müalicəsində ona kömək etdik və ailəsi üçün mənzil tapmasına kömək etdik, İtaliyaya gəlib ölməkdə olan qızlarına qulluq etmək üçün onları razı salmaq lazım gəldi.

Bütün bunlardan sonra qızlarının ölməsini gözlədilər ki, bizdən pul qoparıb vəziyyətdən mütləq şəkildə yararlanmağa çalışsınlar.
Biz ona lazım olanda kömək etdik, indi bizi ləkələməyə çalışırlar? Sən necə adam olmalısan ki, qızının ölümündən istifadə edib pul qazanasan?”, – Martines təəssüf dolu təəccübünü ifadə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: