Cud Bellingem və Karlo Ançelotti – Avqustun ən yaxşıları!

İngiltərə millisinin və Madrid “Real”ının hücumçusu Cud Bellingem İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Bellingem avqust ayında “Real”ın heyətində La Liqa çərçivəsində 3 oyuna çıxıb. O, qələbə qazandıqları bu oyunlarda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 120 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, İspaniya La Liqasında avqust ayının ən yaxşı baş məşqçisi də məlum olub. Bu ada Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti layiq görülüb. Qeyd etdiyimiz kimi, “kral klubu” avqustda 3 matç keçirib və bütün görüşlərini qələbə ilə başa vurub.

Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. İtalyan mütəxəssis buna qədər “Everton”da işləyib. Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: