Mark Qiu tarixə düşdü, izləyiciləri 10 qat artdı

İspaniya La Liqasının 10-cu turu çərçivəsində baş tutan “Atletik”lə ev oyunu “Barselona”nın gənc futbolçusu Mark Qiu üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, komandasının qələbə qolunu vurmaqla İspaniya klubunun tarixinə düşüb.

Qiu 79-cu dəqiqədə meydana daxil olub. Hücumçu bundan cəmi 20 saniyə sonra topa ilk toxunuşunda kataloniyalıların yeganə qoluna imza atıb. 17 yaş 291 günündə fərqlənən Qiu XXI əsrdə La Liqada “Barselona”nın heyətində debüt matçında fərqlənən ən gənc oyunçu rekordunu yeniləyib. Yekunda Kataloniya təmsilçisi məhz Qiunun vurduğu qol sayəsində 1:0 hesablı qələbəyə sevinib.

Mark Qiunun “Atletik”lə oyunda qələbə qolunu vurduqdan sonra “Instagram” sosial şəbəkəsində izləyicilərinin sayı 10 dəfədən çox artıb. Oyundan əvvəl hücumçunun sosial şəbəkədə 44 min izləyicisi vardısa, hazırda 545 min izləyicisi var.

Mark Qiu “Barselona”nın öz yetirməsidir. O, İspaniyanın U-17 yığmasına da dəvət alır. Forvard millidə 12 oyuna 8 qol vurub.

Xatırladaq ki, 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Barselona” lider “Real”dan cəmi 1 xal geri qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: