Oktyabrın 18-dən 22-nə qədər Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı keçirilib.
Arena.az xəbər verir ki, 21 ölkədən 105 böyükyaşlı və 144 gənc gimnastın iştirak etdiyi budəfəki qitə çempionatı Azərbaycan üçün yüksək nəticə və rekord sayda qızıl medalla yadda qalıb.
Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri, sözün əsl mənasında Avropanı fəth etməyi bacarıblar. Akrobatika gimnastikası üzrə təmsilçilərimiz Avropa çempionatında 7 qızıl, 2 gümüş medala sahib çıxıblar.
Yarışda ölkəmizi böyüklər arasında Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü təmsil edib. Gənclər arasında isə Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiridən ibarət qadın qrupu qüvvəsini sınayıb.
Varna xalçasında parlaq çıxışları ilə göz qamaşdıran təcrübəli idmançılarımız, dünya və Avropa çempionatının gümüş mükafatçıları olan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz komandamızın aktivinə AÇ-nin 3 qızıl medalını (temp – 28.910 xal, balans -29.180 və çoxnövçülük-86.620 xal) yazdırmağı bacarıblar.
Qarışıq cütlüyümüz qızıl medala gedən yolda hər üç proqramın icrasında müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşan Ukrayna və Almaniya təmsilçilərini geridə qoyublar.
Dünya çempionatının ikiqat bürünc mükafatçıları, gənclər arasında Avropa çempionları olan Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Varnada komanda yoldaşlarının uğurunu təkrarlayıblar. Onlar üç dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlməyi bacarıblar. Təmsilçilərimiz temp (27.510 xal), balans (28.230 xal) və çoxnövçülük (82.370 xal) proqramında bütün rəqiblərindən üstün olublar.
Kişi cütlüyümüz balans hərəkətlərində ikinci yerin sahibi İspaniya və bürünc medalçılar olan Böyük Britaniya təmsilçilərini qabaqlayıb. Templə hərəkətlərin icrasında və çoxnövçülük proqramında isə komandamız ispaniyalı və portuqaliyalı rəqiblərini geridə qoyub. Bu nəticə ilə gimnastlarımız Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlük və kişi cütlüyü kateqoriyasında böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail olublar.
Gənclər ümidləri doğrultdular, böyüklər isə…
Gənc idmançılarımız da Varnada öz sözlərini deməyi bacarıblar. Gənclər arasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiri onlara bəslənilən ümidləri doğruldublar. Gimnastlarımız 1 qızıl və 2 gümüş medala sahib çıxıblar. Temp hərəkətlərində (27.440 xal) komandamıza ilk medalı, ikinciliyi qazandıran gimnastlarımız daha sonra bu uğuru çoxnövçülük proqramında (83.690 xal) təkararlayıblar. Balans hərəkətlərində gimnastlarımız 28.450 xalla Böyük Britaniya və Niderland təmsilçilərini geridə qoyaraq hamıdan üstün olmağı bacarıblar.
Yeni heyətlə qitə çempionatına qatılan böyüklərdən ibarət qadın qrupumuz təəssüf ki, medal qazana bilməyib. Təmsilçilərimiz təsnifat mərhələsində balans hərəkətlərinin icrasında 25.360 xalla 10-cu olublar. Temp hərəkətləri (24.670 xal) və çoxnövçülükdə (72.370 xal) isə komandamız 11-ci nəticəni göstərib.


