Dünya çempionatı: Azərbaycan millisi Tiranada 3-cü oldu

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, mundialın üçüncü gündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Bu gün Azərbaycan millisinin üç üzvü medallar uğrunda mübarizə aparıb.

Zirəddin Bayramov (65 kq) ötən gün 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlmişdi. Bayramov amerikalı Brok Hardidən də güclü olmaqla (14:11) adını yarımfinala yazdırmışdı. Zirəddin gürcüstanlı Qoqa Otinaşvilini də 5:1 hesabıyla üstələyərək finala yüksəlmışdi. Şəmkir güləş məktəbinin yetirməsi bu gün baş tutan həlledici görüşdə rusiyalı İbrahim İbrahimova 0:7 hesabıyla məğlub olub. Nəticədə güləşçimiz yarışı gümüş medalla başa vurub.

Kənan Heybətov (70 kq) ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzmuşdu – 3:13. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanmışdı. Heybətov bu gün tunisli Faruk Jelassi (11:0) və qazaxıstanlı Rodion Ançuqini (11:2) çətinlik çəkmədən üstələyib. Kənan bürünc medal uğrunda görüşdə amerikalı Duqlas Zapfa da 9:2 hesabıyla qalib gəlib və dünya üçüncüsü olub.

Əşrəf Aşırov (79 kq) ötən gün startda ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanmışdı – 7:0. Həmyerlimiz növbəti görüşləri isə bir nəfəsə keçmişdi. Belə ki, Aşırov 1/8 finalda ispaniyalı Qabriel Ramosa (13:0), 1/4 finalda hindistanlı Saqar Jaqlana (10:0), yarımfinalda isə qazaxıstanlı Şamsat Tahirə (11:0) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanmışdı. Əşrəf həlledici görüşdə bu gün rusiyalı Maqomed Maqomayevə 4:9 hesabıyla uduzub. Nəticədə, Zirəddin kimi, Əşrəf də mundialda gümüş medalla kifayətlənib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın digər sərbəst güləşçiləri Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) də bürünc medal qazanmışdılar.

Beləliklə, 2 gümüş, 3 bürünc medal qazanan Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub. ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.

U-23 dünya çempionatı oktyabrın 29-na qədər davam edəcək. Azərbaycanı bu mundialda 25 güləşçi təmsil edir. 1-ci dərəcəli hakim İntiqam Alıyev də Tiranada ədaləti qoruyanlar sırasında yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: