“Qəbələ”nin UEFA Gənclər Liqasındakı növbəti rəqibi bəlli oldu

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən “Qəbələ”nin U-19 komandasının bu turnirdəki növbəti rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, komandamız növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” kollektivi ilə üz-üzə gələcək.

Sözügedən komanda doğma meydanda 3:1 hesabıyla üstələdiyi İtaliyanın “Leççe” klubunun 19 yaşlılarına bu gün səfərdə də eyni hesabla qalib gəlib.

Beləliklə, Azərbaycan çempionu UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində yunanlarla münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar arasındakı ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.

Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə təmsilçimiz mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb. Famil Xəlilovun çalışdırdığı kollektiv ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşdığı Macarıstanın “Puşkaş Akademiya” kollektivinə səfərdə 1:0 hesabıyla qalib gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaş: