Sadio Mane Fransa futbol klubunun sahibi olacaq

“Əl-Nəsr”in seneqallı hücumçusu Sadio Mane Fransanın dördüncü divizionunda çıxış edən “Burj 18” futbol klubunu almaq niyyətindədir.

Arena.az bu barədə “Le Berry Republicain” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Mane ilə “Burj 18”in nümayəndələri arasında ilk əlaqələr üç il əvvəl qurulub. Futbolçu qərarını komanda rəhbərliyi ilə videokonfrans zamanı açıqlayıb. Seneqallı hücumçu klubun səhmdarı olmaq niyyətini bir daha vurğulayıb.

Vurğulanır ki, tezliklə “Burj 18” klubunun hazırkı prezidenti assosiasiyanın rəhbəri postunu tərk etdiyini bildirmək üçün növbədənkənar ümumi iclas keçirəcək. Bu, Manenin rəhbəri olacağı Peşəkar İdman Səhmdar Cəmiyyətinin (SASP) yaradılması məqsədini daşıyır.

Xatırladaq ki, Mane cari ilin yay transfer pəncərəsi zamanı, avqustda “Bayern”lə əməkaşlığına xitam verərək, 30 milyon avro müqabilində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Manenin “Əl-Nəsr”lə müaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mane “Əl-Nəsr”in heyətində 14 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Sadio Mane 2012-ci ilin may ayında debüt etdiyi Seneqal yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 21 məhsuldar ötürmə verib. Sadio “Teranqa şirləri” ilə Afrika Millətlər Çempionatının (2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: