Azərbaycan güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş U-23 dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, 57 kq-da yarışan güləşçimiz mundialda mübarizəyə yarışın 4-cü günündə start vermişdi.
Jalə Əliyeva ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya “tuş”la qalib gəlmişdi. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salmışdı – 10:0. Jalə bu gün finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabıyla məğlub olan Əlliyeva dünya ikincisi olub.
Nigar Mirzəzadə (65 kq) ötən gün 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olmuşdu – 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə bu gün ukraynalı Yuliya Leskovetsə “tuş”la uduzaraq mübarizəni dayandırıb.
DÇ-nin 4-cü günündə mübarizəyə qoşulmuş digər qadın güləşçilərimiz – Əsmər Cankurtaran (53 kq), Birgül Soltanova (62 kq) və Mərziyə Sadıqova (72 kq) isə mübarizəni daha erkən dayandırmışdı.
Xatırladaq ki, daha öncə qadın güləşi üzrə yığmamızın digər üzvü Elnurə Məmmədova (50 kq) DÇ-nin bürünc medalını qazanmışdı.
Qadın güləşçilərdən öncə Azərbaycanın sərbəst güləş yığmasının üzvləri mundialda 5 medal (2 gümüş, 3 bürünc) qazanmışdılar. Bu nəticə ilə Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olmuşdu. Millimizin heyətində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanmışdılar.


