Braziliya millisinin əfsanəsi Ronaldinyo “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti haqda hörmətlə söhbət açıb.
Arena.az “Football Italia” dərgisinə istinadən Ronaldinyonun bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Böyük məşqçi və gözəl insan. Onun hələ də ildən-ilə yüksək səviyyədə işləməsi və çıxış etməsi onun böyük bacarığı haqqında təsəvvür yaradır. Mənə elə gəlir ki, “möhtəşəm” onu təsvir etmək üçün ən yaxşı sözdür”, deyə Ronaldinyo bildirib.
Xatırladaq ki, Ançelottinin yeni mövsümdən Braziliya millisini çalışdıracağı haqda gəzən söz-söhbətlər mənzərəsində, “Real” rəhbərliyi oktyabrın 25-də italyan mütəxəssisə yeni müqavilə təklif edib. Hazırda tərəflər arasında bu xüsusda danışıqlar aparılır.
Karlo Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. İtalyan mütəxəssis buna qədər “Everton”da işləyirdi. Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.
Hazırda “Papa Karlo”nun rəhbərliyi altında “Real” 10 turdan sonra 25 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.


