“Real”ın mərkəz yarımmüdafiəçisi Cud Bellingem komandasının “el klasiko”da “Barselona” üzərində qələbəsini (2:1) şərh edib.
Arena.az xatırladır ki, “Real” məhz ingilis futbolçunun dublu sayəsində “el klasiko”da əzmkar səfər qələbəsi qazanıb.
“Bu, inanılmaz idi. Nə mən, nə də komanda özümüzün ən yaxşı formasında idik, amma biz oynamağa, təpkiyə, inam və xasiyyət nümayiş etdirməyə davam etdik… Və daha bir geri dönüş. Mən onları sevirəm. Belə oyunlarda ürək ağıryır, amma əyləncəli oyun idi. Biz heç vaxt təslim olmuruq, heç vaxt.
İlk qolumu necə qəbul etdim? Bir neçə həftədir deyirəm ki, cərimə meydançasından kənardan vurmağa çalışmalıyam, cəhd etməyə başlayım, çünki rəqiblər bunu gözləmirlər. Bu gözlənilməz amil idi. Məndə texnika var, bunu bilirəm və sınamalı idim. Top yuxarı küncə düşdü. Bu qoldan son dərəcə məmnunam.
Artıq 13 qolum var, bunu necə izah edə bilərəm? Bu gün ən yaxşı vəziyyətdə deyildim, amma bəzən məsələ topa hər toxunuşda xüsusi bir şey etməkdə deyil, komanda yoldaşlarınızla yaxşı kombinasiya qurmaqdadır. Komandaya töhfə verməkdədir. Topu alan kimi bilirdim ki, qol vuracağam.
Debütümdə qol vurdum, indi də ilk “el klasiko”mda? İndi əlimdən gələni edirəm! Oyunlara yaxşı hazırlaşıram, yaxşı məşq edirəm, komanda yoldaşlarımdan və məşqçilərimdən öyrənirəm və komandanın qalib gəlməsinə kömək etmək üçün öyrənmək və təkmilləşmək mənim ən çox istədiklərimdir”, deyə AS dərgisi Bellingemdən sitat gətirir.
Bellingemdən yeni rekordlar
Cud Bellingem “el klasiko”da dubl etməklə, cari mövsümdə “Real”ın heyətində meydana çıxdığı ilk 13 oyunda 13 qol vura bilmiş 3-cü futbolçu olub. Bellingemə qədər müvafiq nailiyyətə “Real”ın yalnız iki əfsanəsi – Alfredo Di Stefano və Kristiano Ronaldo nail olublar.
Həmçinin Bellingem XXI əsrdə özünün ilk “el klasiko”sunda 2 və ya daha çox qol vurmuş ilk “Real” oyunçusu kimi tarixə düşüb. Bu barədə “Opta Sports” statistik internet-portalı məlumat verib.
“Real” hazırda 28 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Eyni miqdar xal toplamış “Jirona” 2-ci pillədə qərarlaşıb. “Barselona” isə 24 xalla 3-cü pillədədir.
Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis futbolçunun transferi üçün 103 milyon avro xərc çəkib. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.


