Dünya çempionatı başa çatdı, Azərbaycan millisi 2-ci oldu!

Albaniyanın paytaxtı Tirana şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş dünya çempionatı başa çatıb.

Arena.az xəbər verir ki, yarışın son günündə üç güləşçimiz fəxri kürsüyə qalxıb.

Fərid Sadıxlı (55 kq) bürünc medal uğrunda görüşdə rumıniyalı Denis Florinə tam üstünlüklə (10:0) qalib gələrək dünya üçüncüsü olub.

Ziya Babaşov (63 kq) təsəlliverici görüşdə ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (2:2) uduzub.

Xasay Həsənli (77 kq) həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşıb. Xasay finalda 1:3 hesabıyla uduzub və U-23 dünya çempionatını gümüş medalla başa vurub.

Sərxan Məmmədov (130 kq) bürünc medal uğrunda görüşdə yunanıstanlı Apostolos Tsivolosa heç bir şans tanımayıb. O, 10:0 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Xatırladaq ki, daha öncə yunan-Roma güləşçilərimizdən Ruslan Nurullayev də medal qazanmışdı. 72 kq-da yarışan pəhləvanımız mundialın bürünc medalını əldə etmişdi. Bununla da yunan-Roma güləşi üzrə yığmamız bu dünya çempionatını 4 medalla (1 gümüş, 3 bürünc) başa vurub. 93 xal toplayan yığmamız komanda hesabında dünya 2-cisi olub.

Türkiyə (121) birinci, Gürcüstan (78) isə üçüncü yeri tutub.

Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən U-23 dünya çempionatları tarixində ilk dəfə ikinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb.

Azərbaycan yığmaları U-23 dünya çempionatı üçün bütövlükdə 25 güləşçi sifariş etmişdi. Qadın güləşi üzrə yığmamızın üzvləri bu mundialda 2 medal qazanıblar. Jalə Əliyeva (57 kq) gümüş, Elnurə Məmmədova (50 kq) bürünc medal əldə edib.

Sərbəst güləş yığmamız isə mundialda 5 medal (2 gümüş, 3 bürünc) qazanıb. Bu nəticə ilə Azərbaycan millisi 87 xalla komanda hesabında dünya 3-cüsü olub. Millimizin heyətində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: