Albaniyada keçirilmiş U-23 dünya çempionatında bürünc medal qazanmış güləşçimiz Ruslan Nurullayev bu uğurunu şərh edib.
Arena.az xəbər verir ki, Tiranadakı mundialda komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
1 gümüş və 3 bürünc medal qazanan yığmanı Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.
Hava limanında jurnalistlərə açıqlama verən Ruslan bunları söyləyib:
“Bu il mənim üçün uğurlu keçdi. Zədələrə görə tam istədiyimi göstərə bilmədim. Ancaq ümumi götürəndə yaxşı nəticələr qazandım. İlk dəfə qatıldığım U-23 dünya çempionatında bürünc medal qazandım. İnşallah, zədələri aradan qaldırıb və səhvlərim üzərində işləyib, daha yüksək uğurlar qazanacağam.
1/4 finalda məğlubiyyətin bir neçə səbəbi var. Həm zədəyə görə tam gücümü ortaya qoya bilmədim, həm təcrübəsizlik sözünü dedi, həm də bir qədər arxayınlıq oldu. Çünki İrfan Mirzoyevə gənclərin Avropa çempionatında qalib gəlmişdim. Bu məğlubiyyətdən dərs çıxardım. Gələn il də 72 kq-da güləşməyi planlaşdırıram. Çəkim artsa, gələcəkdə 77 kq-a keçməyi düşünürəm. Bu uğurumu bu səviyyəyə gəlib çatmağımda əsas pay sahibi olan atamın ruhuna həsr edirəm”.
Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilmiş mundialda Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Millimizin digər üzvlərindən Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.
Beləcə, yunan-Roma güləşi üzrə yığmamız bu dünya çempionatını 4 medalla (1 gümüş, 3 bürünc) başa vurub. 93 xal toplayan yığmamız komanda hesabında dünya 2-cisi olub. Türkiyə (121) birinci, Gürcüstan (78) isə üçüncü yeri tutub. Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən U-23 dünya çempionatları tarixində ilk dəfə ikinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb.


