“Real” braziliyalı sağ vingeri Rodriqo Qoes “kral klubu” ilə müqaviləsini yeniləməsindən doğan duyğularını paylaşıb.
Arena.az məlumat verir ki, Rodriqo bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı dərc edib:
“Uşağın arzusu elə indicə gerçəkləşdi! Dünyanın ən böyük klubunda həyatı heç vaxt ağlıma belə, gətirməzdim!
Tanrıya, ailəmə, dostlarıma, azarkeşlərə və “Real”a bağlı olan hər kəsə minnətdarlığımı bildirirəm.
Mən “Real”la 2001-2028-ci illərdən birlikdəyəm. Qarşıda çoxlu əhvalatlar var. “Real”, mən səni sevirəm!”
Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Rodriqonun köhnə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər hesablanmışdı. Tərəflər arasında yenilənərək bağlanmış müqavilənin müddəti isə 3 il artırılaraq, 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Braziliyalı ulduzun yeni müqaviləsindəki təzminat məbləği 1 milyard avrodur.
Rodriqo “Real”da çıxış etdiyi müddətdə 179 oyuna çıxıb, 39 qol vurub, 33 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə 14 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Yarımmüdafiəçi “kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” inteernet-portalı 22 yaşlı Rodriqonu 100 milyon avro məbləğində qiymətləndirir.


