Yassin Benzya “Qarabağ”da 568 günlük həsrəti bitirdi

Premyer Liqanın 12-ci turunun “Kəpəz”lə oyununda het-trik edən “Qarabağ”ın futbolçusu Yassin Benzya hər üç qolunu ilk 45 dəqiqədə vurub.

Arena.az xəbər verir ki, Azərbaycan çempionatları tarixində fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da “Qarabağ”ın üzvü olub.

2021/2022 mövsümündə İbrahima Vadji bunu bacarıb. O, 2022-ci il aprelin 15-də “Şamaxı” ilə görüşün fasiləsinə qədər üç qol vurub. Həmin matçda “Qarabağ” 8:0 hesablı qələbə qazanıb. Benzya 568 gündən sonra eyni uğuru təkrarlayıb.

Ölkə çempionatlarında son het-trik isə ötən mövsüm qeydə alınıb. Bu il mayın 7-də Runi Eva “Neftçi”nin qapısına üç qol vurub. Həmin görüşdə “Turan Tovuz” 4:0 hesablı qələbə qazanıb.

Yassin Benzya bu ilin yanvar ayından “Qarabağ”ın uğurları üçün çalışır. Əlcəzair əsilli fransalı futbolçu Ağdam klubunun heyətində 24 oyuna çıxıb, 5 qol və 7 məhsuldar ötürmə müəllifi olub. 29 yaşlı yarımmüdafiəçi daha öncə “Lill”, “Olimpik” (Lion), “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” (Pirey) kimi klubların da formasını geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynadıqdan sonra Əlcəzairin əsas millisini seçib. Benzya yığma komandada 4 oyun keçirib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: