“Real” braziliyalı vingeri Vinisius La Liqanın 12-ci turunda “Rayo Valyekano”nun makedon qapıçısı Stole Dimitrievski ilə münaqişə edib.
Arena.az bu barədə “Madrid Zone” dərgisinə istinadən məlumat verir.
Madriddə “Santyaqo Bernabeu” stadionunda baş tutmuş oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb. Oyun məqamlarının birində Vinisius qapıçı Dimitrievskini itələyib və qapıçı ot örtüyü üzərinə yıxılıb. Ardınca “qoçu” oyundan sonra qapıçını küçədə qarşılamağa “dəvət edib”: “Gəl, küçədə görüşək”, deyə “Vinni” münaqişəni çöldə saf-çürük etmək fikrinə düşüb.
Oyundan sonra Vinisius Junior davranışı haqda şərh verməyib. Qapıçı Dimitrievski isə məsələyə aydınlıq gətirməyi lazım bilib:
“Vinisius əla oyunçudur, oyun da gərgin keçdi: “sürtüşmələr”in olması adi haldır”.
Heç-heçə “Real”a La Liqanın turnir cədvəlində liderliyini ititməsi bahasına başa gəlib. 12 turdan sonra “kral klubu” 29 xalla 2-ci pilləyə düşüb. Bu arada Kataloniya təmsilçisi “Jirona” 31 xalla La Liqanın liderliyini ələ keçirib. “Rayo Valyekano” isə 18 xalla 9-cu pillədədir.



