Komandaların UEFA Çempionlar Liqası (ÇL) oyunu ərəfəsində “Milan” tərəfdarları ilə toqquşmada PSJ azarkeşi bıçaqlanıb.
Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, tərəflər arasında münaqişə noyabrın 6-dan 7-nə keçən gecə baş verib. “Milan”ın ifrat tərəfdarları şəhərin Navilyi bölgəsində pusqu quraraq, PSJ azarkeşlərinə hücum ediblər. 50-yə yaxın xuliqan hücum zamanı pirotexniki vasitələrdən, o cümlədən tüstü qumbaralarından, dəyənək, daş və bıçaqlardan istifadə ediblər. Parisli azarkeşlərdən biri ələ keçirilərək, bıçaqlanıb, onun vəziyyətinin ağır olduğu vurğulanır. Ərzidəki obyektlərə və avtomobillərə ziyan dəyib.
Polis əraziyə dərhal çevik qüvvələrini və texnika cəlb edib. Hadisə nəzarətə götürülüb. Həbslər var, şəhər meriyası hadisənin təfsilatı və təfərrüatı haqda geniş məlumat verəcək.
Xatırladaq ki, bu gün, noyabrın 7-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Milan” “San-Siro”da PSJ-ni qəbul edəcək.
3-cü tur oyununda PSJ “Milan”ı Parisdə 3:0 hesabıyla məğlub etmişdi.
Hazırda PSJ 6 xalla “F” qrupunun lideridir. “Milan” isə 2 xalla qrupun autsayderi mövqeyindədir.


