İngiltərə yığmasının baş məşqçisi, ingilis mütəxəssis Qaret Sautqeyt “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn haqda danışıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, Sautqeyt Keynin komanda qənimətlərinə ehtiyacı olduğunu bildirib:
“Hər bir futbolçu kuboklar qazanmaq istəyir. Bizim hamımızın məqsədi budur. Harri, əlbəttə ki, fərdi mükafatları ilə fəxr edir, amma onunla danışsanız, başa düşəcəksiniz ki, o, klubla və ya yığma ilə nəsə qazanmaq istəyir. Hamı kimi onu da hərəkətə gətirən budur. Düşünürəm ki, hazırda onda çatışmayan budur”, deyə Qaret Sautqeyt bildirib.
Xatırladaq ki, Harri Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində 15 oyuna çıxıb, 19 qol vurub, 7 məhsuldar ötürmə verib.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 87 oyun keçirib, 61 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.


