“Koritiba” – “Kruzeyro” oyununda kütləvi dava-dalaş – Video

Braziliya A Seriyasının 34-cü turu çərçivəsində “Koritiba” – “Kruzeyro” (1:0) oyununda azarkeşlər meydanda kütləvi dava-dalaş salıblar.

Arena.az məlumat verir ki, idmana yaraşmayan biabırçılığa görə oyun dayandırılıb.

Hazırda hər iki komanda turnir cədvəlinin son pillələrində qərarlaşıb və bu oyunda qalib gəlib 3 xal qazanmaq tərəflər üçün çox vacib məqsəd daşıyırdı. Bununla belə, oyunun sonuna qədər “quru” hesab dəyişməyib. Ancaq oyunun 80-ci dəqiqəsində “Kruzeyro”nun sol vingeri Bruno Rodrigesin vurduğu qol VAR müdaxiləsindən sonra oyundankənar vəziyyət kimi qiymətləndirilərək hesaba alınmayıb. Bu məqam oyunun sonlarında “Kru” azarkeşlərinin hiddətinə səbəb olacaq hadisələrə rəvac verib. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi təzminat dəqiqələrində əsl cəhənnəm yaşanıb. Elə, 1-ci təzminat dəqiqəsindəcə “Koritiba”nın futbolçusu Robson Fernandes Viktor Luisin ötürməsi ilə meydan sahiblərini hesabda önə keçirib.

Buraxılmış qoldan hiddətlənmiş “Kruzeyro” azarkeşləri kütləvi şəkildə meydana axışıblar. Stüardlar izdihamın qarşını almağa çalışsalar da, belə qəzəbli kütləni saxlaya bilməyiblər. Buna görə də ev sahibi azarkeşlər rəqib azarkeşləri dayandırmaq üçün meydançaya qaçmaqla izdihama qarşılıq veriblər. Nəticədə dava-dalaş baş verib. Oyun dayandırılıb. Təhqir, söyüş, əlbəyaxa, biədəb davranış və biabırçı mənzərəni müşahidə edən polis və xüsusi təyinatlılar, qızmış azarkeşlərin canlarına doyub özləri stadionu tərk edən ana qədər xoşagəlməz hadisəyə müdaxil etməməyə, yalnız strateji mövqe tutmağa qərar veriblər. Aqressiv kütləyə qarşı gözyaşrdıcı qumbaralardan istifadə edilib. Bununla belə tribunalarda bu biabırçı mərəkəyə qarışmaq istəməyən nümunəvi azarkeşlər sakitcə oturub dava-dalaşı izləyiblər.

Tribunadan bu xoşagəlməz mənzərəyə şahidlik edənlərdən biri də, Braziliya millisinin əfsanəsi, hazırda “Kruzeyro”nun prezidenti Ronaldo olub.

Oyun elə, bu hesabla da protokola qeyd edilib.

Hazırda “Kruzeyro” 32 oyundan 37 xalla 17-ci, “Koritiba” isə 34 oyundan 29 xalla 19-cu pillədə qərarlaşıb.

20 komandanın iştirak etdiyi Braziliya A Seriyasında hər iki komanda çempionatı tərk edəcək dördlükdə yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: