Antuan Qrizmann mütləq rekordun bircə addımlığındadır

Madrid “Atletiko”sunun fransalı hücumçusu Antuan Qrizmann “döşəkçilər”in tarixən ən sərrast qolçuları siyahısında ikinciliyə yüksəlib.

Arena.az məlumat verir ki, noyabrın 12-də La Liqanın 13-cü turu çərçivəsində “Atletiko”nun “Vilyarreal”ı qəbul etdiyi oyun (3:1) Qrizmann üçün əlamətdar olub.

Fransalı hücumçu komandasının qollarından birini vurub və ümumilikdə “Atletiko”nun heyətində vurduğu qolların sayını 169-a çatdırıb. İndi Qrizmanı “Atletiko”nun tarixi ərzində sərrast futbolçu olmaqdan cəmi dörd qol ayırır. Bu göstəricidə mütləq rekord “döşəkçilər”in sabiq mərkəz yarımmüdafiəçisi Luis Araqonesə məxsusdur – 173 qol.

Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. Antuan “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. Cari ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 16 oyuna 12 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 357 oyun, 169 qol, 77 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 125 oyun keçirib, 44 qol vurub, 37 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı Antuan Qrizmanı 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Antuan Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: