“Əl-Hilal”ın braziliyalı ulduzu Neymarın ailəsində çalışmış 4 uşaq anası, futbolçudan 368 min avro məbləğində təzminat tələbindədir.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Braziliyalı qadın bildirib ki, o, iki ilə yaxın Parisətrafı qəsəbələrdə qeyri-qanuni işləyib. 35 yaşlı qadın 2021-ci ilin yanvarından 2022-ci ilin oktyabrına qədər “cəhənənm şəraitində” həftədə yeddi gün işlədiyini və əməkhaqqının ona ancaq nağd şəkildə ödənildiyini iddia edir.
Bundan əlavə, qadın doğuşundan iki həftə əvvəl işləməli olduğunu və əlavə iş haqqı, tibbi təzminat və ya ödənişli məzuniyyətinin də olmadığını bildirib. Bu səbəbdən qadın təzminat olaraq Neymardan 368 min avro tələbindədir və müvafiq məsələ ilə əlaqədar cinayət işi başlatmaq istəyir.
Neymar tərəfdən məsələ ilə bağlı heç bir münasibət bildirilməyib. Hazırda braziliyalı ulduz öz canının hayındadır. Ağır zədələli Neymar cərrahi əməliyyatdan sonra müalicəsini davam etdirir və bərpa mərhələsini keçir. Braziliya hücumçu üçün cari mövsüm başa çatıb. Üstəlik, Neymar bu yaxınlarda ağır mənəvi zərbə aldığını da etiraf edib. Futbolçunun yaxın rəfiqəsi braziliyalı TV ulduzu, bloqqer, model Luana Andradenin vəfatı Neymarı sarsıdıb.


