“Real”ın yarımmüdafiəçisi Cud Bellingem Avropanın ən yaxşı gənc oyunçusuna verilən “Golden Boy” (2023) mükafatını qazanmasını şərh edib.
Arena.az “Madrid Zone” dərgisinə istinadən Bellingemin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mənə səs vermiş hər kəsə təşəkkür etmək istəyirəm. “Birmingem”, Dortmund “Borussiya”sı və “Real”dakı səyahətimin bir hissəsi olan hər kəsə və ən əsası, ailəmə təşəkkür edirəm. İndi “Golden Boy”u qazandığım üçün imkanımı inkişaf etdirməyə davam etmək və daha çox şeylər qazanmaq istəyirəm”, deyə ingilis futbolçu bildirib.
Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 14 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Gənc yaşına rəğmən, Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, hazırda Bellingem aldığı yüngül çiyin zədəsini sağaltmaqla məşğuldur və gənc istedadın iki həftəyə qədər yaşıl meydanlardan kənarda qalacağı təxmin edilir.


