Romelu Lukaku millimizə 4 qol vurdu, rekorda imza atdı

Belçika yığmasının mərkəz hücumçusu Romelu Lukaku Avropa çempionatının seçmə mərhələsində yeni qol rekordu müəyyənləşdirib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Lukaku AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 14 qol vuraraq, daha əvvəl AÇ-2008 və AÇ-2016-nın seçmə mərhələsində müvafiq olaraq Devid Hili və Robert Levandovski tərəfindən müəyyən edilmiş rekordları (hər biri 13 qol) üstələyib.
Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsinin 8-ci tur oyununda Brüsseldə Belçika yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib. Oyunda Romelu Lukaku “poker”ə imza atıb – 4 qol vurub.

Belçika yığması 20 xalla qrup mübarizəsini 1-ci pillədə tamamlayıb. Avstriya yığması 19 xalla 2-ci olub. Hər iki komanda 2024-cü il Aropa çempionatının final mərhələsinə vəsiqəsini təmin edib. Azərbaycan millisi isə 7 xalla 4-cü olub.

Xatırladaq ki, Romelu Lukaku hazırda İtaliyanın “Roma” klubunun uğurları üçün çalışır. Müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan təcrübəli forvard paytaxt komandasında icarə əsasında çıxış edir. Cari mövsümdə Lukaku “Roma”nın heyətində 14 oyunda 9 qol vurub.

Hücumçu hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 113 oyun keçirib, 83 qol vurub, 16 məhsuldar ötürmə verib.

Lukaku karyerası ərzində “Everton”, “İnter”, “Anderlext”, “Mançester Yunayted”, “Çelsi”, “Vest Bromviç” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: