Romelu Lukaku: “Azərbaycanla matç fiasko ilə bitə bilərdi”

Belçika yığmasının mərkəz hücumçusu Romelu Lukaku AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 30 yaşlı forvard 5:0 hesabıyla qalib gəldikləri və pokerə imza atdığı qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Əvvəlcədən paltardəyişmə otağında demişdim ki, Azərbaycanla matçın gərginliyini nəzərə alsaq, fiasko ilə bitə bilər. Görüşdən əvvəl rəqibə ciddi yanaşmaları üçün komanda yoldaşları ilə söhbət etdik. Qələbəyə və Avropa çempionatına vəsiqə qazandığımıza görə şadam. Leuvendə meydanın durumu pis olsa da, oyuna yanaşmamız və motivasiyamız yaxşı idi. Sürətli oynamaq, ilk yarım saatda qol vurmaq vacib idi. Bundan sonra qısa zamanda ardıcıl qollar vurduq. Bu, çox vacib idi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Əks təqdirdə, İsveçə 3:0 hesabı ilə qalib gəlməzdilər. Yan Vertongenlə birlikdə matça uğurlu başlamaq üçün komandaya motivasiya verdik”.

Dörd qol vuran Lukaku fasilədən sonra əvəzlənməsinə görə məyus olmadığını söyləyib: “İşimi görə bildiyim üçün sakitəm. Yığmaya və komanda yoldaşlarıma görə çox xoşbəxtəm. Çünki Avropa çempionatı onların əksəriyyəti üçün ilk böyük turnir olacaq. Yeni nəslə keçid dövrü çox yaxşı gedir”.

Xatırladaq ki, Romelu Lukaku hazırda İtaliyanın “Roma” klubunun uğurları üçün çalışır. Müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan təcrübəli forvard paytaxt komandasında icarə əsasında çıxış edir. Cari mövsümdə Lukaku “Roma”nın heyətində 14 oyunda 9 qol vurub.

Hücumçu hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 113 oyun keçirib, 83 qol vurub, 16 məhsuldar ötürmə verib.

Lukaku karyerası ərzində “Everton”, “İnter”, “Anderlext”, “Mançester Yunayted”, “Çelsi”, “Vest Bromviç” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, seçmə mərhələdə 20 xal toplayan Belçika yığması F qrupunda 1-ci, 7 xalı olan Azərbaycan millisi isə 4-cü yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: