“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo paytaxt klubuna qarşı yönəlmiş çoxsaylı tənqidlərdən danışıb.
Arena.az məlumat verir ki, Mourinyo bu barədə RAI telekanalının efirində müsahibəsi zamanı danışıb:
“Klub çox tənqid edilir və çox zəif müdafiə edilir. Bəzi daxili hadisələr belə imkana qapı açır, amma Mourinyo kimi “Roma” da çox tənqid edilir.
Kiçik bir misal: Avropa Liqasının finalına səyahətimiz çox “asan” idi. Görün “Zalsburq” Çempionlar Liqasında nə edir, “Real Sosyedad” Çempionlar Liqasında və çempionatda nə edir, “Feyenoord” Çempionlar Liqasında nə edir, “Bayer” nə edir… Deyəsən, “Bayer”in məğlub olduğu son oyun Romada olub.
Mənim yerimdə başqa məşqçi olsaydı, başqa klub olsaydı, hər şey tamam başqa olardı. Şəxsən mənim üçün bu, problem deyil, çünki bu, karyeram boyu mənim başıma gəlib. Əgər 10 il əvvəl bu məni narahat etmirdisə, indi niyə narahat etməlidir?
Amma düşünürəm ki, bu, “Roma” üçün problemdir, çünki onlar daha çox şeyə layiqdirlər. Bu, həm də daha yaxşısına layiq olan azarkeşlər üçün problemdir. Bununla belə, qondarma fanatlar və qondarma futbol ziyalıları buna sevinirlər”, deyə “Mour” bildirib.
12 turdan sonra “Roma” A Seriyasının turnir cədvəlində 18 xalla 7-ci pillədə qərarlaşıb. A Seriyasına 31 xalla “İnter” başçılıq edir.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Portuqal mütəxəssisin “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində “Mour” paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


