Futbol üzrə Belarus Yüksək Liqasının 27-ci turunun nəticələrinə əsasən Minsk “Dinamo”su 2023-cü il mövsümünün çempionu olub.
Arena.az məlumat verir ki, 15 komandanın mübarizə apardığı Belarus Yüksək Liqasının başa çatmasına 1 tur qalmış paytaxt təmsilçisi 27-ci turda səfərdə “Belşina” üzərində 4:0 hesabı ilə qələbə qazanaraq, çempionluğunu rəsmiləşdirib.
“Ağ-göylər” 66 xal toplayaraq ən yaxın izləyicisi, 59 xal toplamış “Neman”ın çempionluğa nəzəri imkanlarını puç ediblər.
Bu, paytaxt təmsilçisinin Belarus çempionatında 8-ci çempionluğudur. Daha bir əlamətdar məqam “dinamoçular”ın son 19 ildə ilk dəfə ölkə çempionluğunu qazanmasıdır. Buna qədər “Dinamo” 1992, 1992/93, 1993/94, 1994/95, 1995, 1997, 2004 mövsümlərində qızıl medal qazanmışdı. Paytaxt təmsilçisi 9 gümüş (1996, 2001, 2005, 2006, 2008, 2009, 2014, 2015, 2017) və 7 bürünc (2000, 2003, 2012, 2013, 2016, 2018, 2021) medalın da sahibidir.
Gələn mövsüm minskliləri UEFA Çempionlar Liqasına vəsiqə uğrunda təsnifat oyunları gözləyir.
Vurğulayaq ki, Minsk “Dinamo”su SSRİ dövründə Belarusun ən titullu komandası olub. Ancaq müstəqillik illərində Borisov təmsilçisi BATE müasir Belarus futbolunda ən qüvvətli və titullu komandadır. Borisovluların muzeyində 15 qızıl, 7 gümüş, 2 bürünc medal var.
BATE – “Dinamo” rəqabəti müasir Belarus futbolunda əsas qarşıdurmadır. Hər iki komanda ölkənin aparıcı futbol məktəblərini təcəssüm etdirir.
2023-cü il mövsümündə gümüş medalı “Neman” təmin edib. Sonuncu, 28-ci turda bürünc medal uğrunda isə “Jodino” (49 xal), “İsloç” (47 xal) və BATE (47 xal) mübarizə aparacaqlar.


