Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən stadiona dəymiş zərər (82 ədəd oturacağın sındırılması) Ağdam klubu tərəfindən ödəniləcək.
“Qəbələ” – “Turan Tovuz” oyununun 86-cı dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə “Qəbələ” 500 manat cərimə edilib. “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Tovuz klubu 1500 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt klubu 800 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt klubu 500 manat cərimə edilib.
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 14-cü turunun oyunları ilə də bağlı qərarlarını açıqlayıb:
“Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Sumqayıt komandası 70 manat cərimə edilib.
“Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 70 manat cərimə edilib.


