AFFA “İrəvan”la “İmişli”ni sərt cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Birinci Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İrəvan” – “Difai Ağsu” oyununda “Difai Ağsu”nun futbolçusu Seymur Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Difai Ağsu” komandası buna görə 50 manat cərimə ödəyəcək. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilib. Oyun bitdikdən sonra “İrəvan”ın prezidenti Zahid Niyazəliyev akkreditasiya vəsiqəsi olmadan meydançaya, dəhlizə daxil olduğuna görə “İrəvan” klubu 50 manat cərimə edilib. Oyun günü planı pozulduğuna görə “İrəvan” klubu daha 100 manat cərimə edilib.

“Araz Saatlı” – MOİK oyununda “Araz Saatlı”nın futbolçusu Məhəmməd Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Araz Saatlı” klubu buna 50 manat cərimə edilib. “Araz Saatlı”nın digər futbolçusu Oqtay Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. MOİK-in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Zaqatala təmsilçisi 70 manat cərimə edilib.

“İmişli” – “Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclası 20 dəqiqə gec başladığına görə “İmişli” klubu 80 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib. Oyundan əvvəl “İmişli”nin meneceri İlkin Əhmədov matçın rəsmi şəxsinə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanıb. “İmişli” klubu buna görə 100 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: