UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.
UEFA Çempionlar Liqasında namizədlər bunlardır: Fil Foden (“Mançester Siti”, İngiltərə), Çiro İmmobile (“Latsio”, İtaliya), Hakim Ziyeş (“Qalatasaray”, Türkiyə), Joao Mario (“Benfika”, Portuqaliya).
Joao Pedro doğma meydanda İtaliya “İnter”i ilə məhsuldar heç-heçədə (3:3) het-triklə pay sahibi olub.
Hakim Ziyeş də İngiltərənin “Mançester Yunayted” klubu ilə oxşar nəticəyə (3:3) imza atdıqları ev oyununda “Qalatasaray”ın 2 qolunun müəllifi olub. O, həmçinin 1 məhsuldar ötürmə ilə də yadda qalıb.
Çiro İmmobile “Latsio”nun Şotlandiya “Seltik”inə 2:0 hesabıyla qalib gəldiyi ev oyununda dubla imza atıb.
Fil Foden isə doğma meydanda Almaniyanın “Leypsiq” komandasına 3:2 hesabıyla qalib gəldikləri qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Avropa Liqasında namizədlər bunlardır: Mixael Qreqoriç (“Frayburq”, Almaniya), Pyer-Emerik Obameyanq (“Olimpik”, Marsel, Fransa), Kristian Eriksen (“Molde”, Norveç) və Kodi Qakpo (“Liverpul”, İngiltərə).
Mixael Qreqoriç Yunanıstanın “Olimpiakos” komandasına 5:0 hesabıyla qalib gəldikləri ev oyununda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Pyer-Emerik Obameyanq da evdə Niderland “Ayaks”ını 4:3 hesabıyla yendikləri görüşdə het-trikə imza atıb.
Kristian Eriksen Azərbaycan çempionu “Qarabağ”la doğma meydanda 2:2 hesabıyla heç-heçə etdikləri görüşdə dubl müəllifi olub.
Kodi Qakpo isə LASK-ı (Avstriya) evdə 4:0 hesabıyla yendikləri görüşdə 2 qola imza atıb.
Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Yuray Kuçka (“Slovan”, Bratislava, Slovakiya), Benjamin Niqren (“Nordsyelland”, Danimarka), Amal Pelleqrino (“Bodo Qlimt”, Norveç), Tyaqo (“Brügge”, Belçika).
Benjamin Niqren doğma meydanda Türkiyənin “Fənərbaxça” komandasına 6:1 hesabıyla qalib gəldikləri görüşdə het-triklə yadda qalıb.
Yuray Kuçka Farer adalarının “Klaksvik” komandasına 2:1 hesabıyla qalib gəldikləri səfər oyununda dubla imza atıb.
Amal Pelleqrino İsveçrə “Luqano”suna 5:2 hesabıyla qalib gəldikləri görüşdə dubl edib.
Tyaqo da Türkiyənin “Beşiktaş” komandasını 5:0 hesabıyla yendikləri səfər oyununda dubl edib.


