Premyer Liqada 4 illik rekord müqavilə

Futbol üzrə İngiltərə Premyer Liqasında milli televiziya yayım hüquqlarına dair rekord məbləğdə müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, 2025/2026 mövsümündən etibarən qüvvəyə minəcək və 4 illik müddəti əhatə edəcək müqavilənin dəyəri 6,7 milyard funt-sterlinqdir.

Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Bəyanatda deyilir ki, “Sky” və TNT kanalları üçün mövsüm ərzində minimum 270 matçın canlı yayımlanması üçün 6,7 milyard funt-sterlinq dəyərində yeni rekord yerli televiziya müqaviləsi imzalanıb.
Qeyd edilib ki, müqavilədə “BBC Sport” kanalı da matçların mühüm anlarını yayımlamağa davam edəcək.

Bildirilib ki, Sky, TNT və BBC ilə bağlanan hər üç müqavilə 2025/2026 mövsümündən başlayaraq 4 illik dövrü əhatə edəcək. Bu 4 illik müqavilənin İngiltərədə indiyə qədər imzalanmış ən böyük idman mediası hüquqları müqaviləsi olduğu və rekord qırdığı vurğulanıb.

Premyer Liqada 2022/2023 mövsümündən başlayaraq 3 il müddətinə imzalanan yayım tenderinin dəyəri 5,1 milyard funt-sterlinq olub.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: