Luis Suares Braziliya A Seriyasının ən yaxşı oyunçusu seçildi

“Qremio”nun uruqvaylı mərkəz hücumçusu Luis Suares 2023-cü il mövsümü Braziliya A Seriyasının ən yaxşı hücumçusu və oyunçusu seçilib.

Arena.az bu barədə “Qremio”nun rəsmi “X” sosial şəbəkə hesabındakı bəyanata istinadən məlumat verir.

“Başqa cür ola bilməz. Luis Suares 2023-cü ilin ən yaxşı hücumçusu və futbolçusu seçilib. Azarkeşlərimizin kumiri “Gümüş top” və “Qızıl top”u aldı. O, sadəcə bombardirdən daha çox, “Qremio” üçün meydanda dahidir”, – “Qremio”nun rəsmi “X” hesabında dərc edilib.

Xatırladaq ki, uruqvaylı hücumçu 2022/2023 mövsümü Braziliya A Seriyasında 33 oyunda iştirak edib, 17 qol vurub, 11 məhsuldar ötürmə verib. Braziliya çempionatının nəticəsinə görə, “Qremio” çempionluğu “Palmeyras”a uduzaraq, gümüş mükafatçı olub.
Ümumilkdə cari mövsümdə Suares “Qremio” üçün keçirdiyi 53 oyunda 26 qol vurub, 17 məhsuldar ötürmə verib.

Suares “Qremio”ya 2023-cü ilin qışında azad agent qismində Uruqvay “Nasyonal”ından keçib. Suaresin “Qremio” ilə müqaviləsi artıq başa çatmaq üzrədir. Braziliyada 2022/2023 mövsümün başa çatması ilə, dekabrın 31-də uruqvaylı futbolçu “Qremio”nu tərk edəcək.

Suaresin ABŞ-a üz tutacağı və MLS təmsilçisi “İnter Mayami”nin heyətində “Barselona”dakı komanda yoldaşı olmuş argentinalı ulduz Lionel Messiyə hücum ortağı olacağı bildirilir.

Daha əvvəl Suares sümük ağrılarından şikayətçi olduğunu bildirmişdi.

Luis Suares hazırda kapitanı olduğu, 2007-ci ilin fevralında debüt etdiyi Uruqvay yığmasının heyətində 138 oyuna çıxıb, 68 qol vurub, 39 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 36 yaşlı veteran Luis Suaresi 4 milyon avro məbləğində qiymətləndirir.