Zemfira Həsənzadə Avropa üçüncüsü oldu

Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 46 kq çəkidə mübarizə aparan yığma üzvü Rumıniyanın paytaxtı Buxarestdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Zemfira Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Culia Qalero (İtaliya) və Melina Georgiuya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçumuz bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq Avropa çempionatında 3-cü yeri tutub.

Qeyd edək ki, komandamız səfərə kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanmışdı.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Avropa çempionatında Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kq), Rahid Vəliyev (58 kq), Pərviz İsgəndərov (63 kq), Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq) şans veriblər.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park isə qitə birinciliyində Zemfira Həsənzadədən (46 kq) başqa, Məryəm Məmmədova (49 kq), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (62 kq) sınayıb.

3 gün davam edən Avropa çempionatında beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva da ədalət təmsilçiləri sırasında yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: