“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərin ümidlərini doğrulmağa çalışırıq. Güclü komandaya qarşı oynadıq. “Sumqayıt” sürətli əks-hücumlara çıxan komandadır. Komandamız düzgün müdafiə olunub, sürətli hücumlarda imkanlar yaxaladı. “Kəpəz” daha yaxşı yerlərə getməyə hazırlaşır.
Uğur bir dənədir, ona gedən yollar müxtəlifdir. Bu komandanı Azər Məmmədov yığıb, əziyyəti böyükdür. Ona təşəkkür edirəm. Çalışırıq ki, komandanı yaxşı motivasiya edək. Bu, bir az vaxt aparır. Mümkün qədər qısa vaxtda hansısa nailiyyətlər əldə etmək istəyirik. Hələ yolun başlanğıcındayıq. Cüzi şeyləri aşılaya bilmişik. İstəklərimizi daha da təkmilləşdirməyə çalışırıq. Doğru yolda olduğumuzu düşünürəm”.
Adil Şükürov bu oyunda hücumda Cavad Kərimova şans verməsinin səbəbini də açıqlayıb:
“Nianeni əsas heyətdə meydana buraxmaq istəyirdik. Amma o, son məşqdə ayağında ağrı hiss etdi. Düşündük ki, Cavada şans verib gələcəkdə onun potensialından yararlanaq. Georgi Papunaşvili daha da yaxşı ola bilər. Bu, bütün futbolçulara aiddir. Daha tez uyğunlaşan futbolçular daha tez inkişaf edəcək. Komadanın gündən-günə inkişaf etməsini istəyirik. Hansısa mövqedə yerli və ya legioner futbolçunun oynaması fərq etmir. Bu gün Cavada şans verdik. Çalışırıq ki, Gəncə futboluna yeni adlar qazandıraq. Hər futbolçuya güvənirik. İstəyirik ki, onların hər biri oyun dinamikasında qalsın. “Kəpəz”in əvəzedicilərində istedadlı uşaqlar var. Hər məşqimizə əvəzedici komandadan futbolçular dəvət edirik”.
“Qarabağ”a hər bir halda uduza bilərik”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə heç-heçəni belə şərh edib:
“Bizim üçün burada çətin olacağını bilirdik. Futbolçular əziyyət çəkdilər. Süni örtük futbolçuya zərər verir. Həm biz, həm də rəqib təzyiq edirdi. Öz oyun üslubumuzu güdərək mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Bunun üzərində işləmişdik. Təəsüf ki, qarşısını ala bilmədik. Futbolçularla danışılası çox şey var. Kubokdan əlavə bir oyunumuz qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə qayıtsa, daha yaxşı olacağıq”.
Abasov ötən tur “Qarabağ”a böyük hesabla məğlub olmalarından da söz açıb: “Həmin məğlubiyyətin səbəbi bəllidir. “Qarabağ”a hər bir halda uduza bilərik. Sadəcə, bəzi futbolçuların öz mövqeyində oynamaması nəticəyə daha çox təsir etdi. O məğlubiyyətin əsas səbəbi fərdi səhvlər idi. Bu gün “Qarabağ”a 0:10 hesabı ilə uduzsan da, hamı səni anlayır. Məqsədimiz oyundan-oyuna səhvləri azaltmaqdır. Bir oyun üslubu ortaya qoymaq istəyirik. Bu gün heç-heçədən sonra hansı iştahdan danışa bilərik? Mənim dediklərimiz edə bilsək, məqsədlərdən danışa bilərik”.


