Qrizmann: “Atletiko”nun Avropada son klubum olmasını istəyirəm”

Madrid “Atletiko”sunun fransalı hücumçusu Antuan Qrizmann Avropanın heç bir klubuna keçmək istəmədiyini bildirib.

Arena.az “Atletico Universe” dərgisinə istinadən, Qrizmanın bu barədə fikirlərini təqdim edir:

“Mən istəyirəm ki, “Atletiko” mənim Avropadakı son klubum olsun. Sonra isə mən başqa yerlərdə futboldan həzz ala bilərəm. Burada oynamağa davam etmək istəyim var, komandaya lazım olan səviyyədəyəm. Baxacağıq, mənə imkan verəcəklərmi, amma burada yaxşı oyunçular çoxdur. Görək, mövsüm irəlilədikcə hadisələr necə inkişaf edəcək…”, deyə fransız futbolçu bildirib.

Antuan Qrizmann “Real Sosyedad” futbol akademiyasının yetirməsidir. O, “Atletiko”ya 2014-cü ilin iyulunda elə, “Real Sosyedad”dan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. Cari ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Fransalı futbolçunun “döşəkçilər”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 21 oyuna 14 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Antuanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 362 oyun, 171 qol, 78 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Antuan hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Təcrübəli oyunçu “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Hücumçu həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı Antuan Qrizmanı 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Antuan ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: