Xavi jurnalistlərdən incik danışdı: “Biri təbrik etmədi”

“Barselona”nın baş məşqçisi Xavi son uğursuz oyunlarına görə ictimaiyyətin Kataloniya klubuna etdiyi təzyiqdən narazı olduğunu bildirib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:

“İndi mənə elə ismarışlar gəlir ki, elə təəssürat yaranır ki, dəfn mərasimi gedir, sanki atam və ya anam ölüb. Jurnalistlərdən heç biri məni Çempionlar Liqasına düşməyim münasibətilə təbrik etmədi. Bununla belə, ilk məqsədə nail olundu, La Liqa hələ əldən verilməyib, İspaniya Kuboku əldən çıxmayıb. Bədbinliyə qapılmaq nəyə lazımdır?”, deyə ispan mütəxəssis incik danışıb.

Xatırladaq ki, dekabrın 10-da İspaniya La Liqası çərçivəsində keçirilmiş oyunda “Barselona” “Jirona”ya evdə 2:4 hesabı ilə gözlənilmədən uduzub. Daha sonra Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı tur oyununda Kataloniya klubu “Antverpen”ə 2:3 hesabı ilə məğlub olub. Buna rəğmən, “Barselona” qrup qalibi kimi Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə qazanıb. La Liqada isə “Barselona” 16 turdan 34 xalla 4-cü pillədə qərarlaşıb. Kataloniyalıları “Atletiko Madrid” (34 xal), “Real” (39 xal) və lider “Jirona” (41 xal) qabaqlayır.

Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: