Klubların Super Liqanı təşkil edə biləcək yeganə şərti məlumdur

Avropa İttifaqı Ədliyyə Məhkəməsinin Baş müşaviri Afanasios Rantos Avropa Super Liqasının təsisi şərtləri haqda əsas nəticəni təqdim edib.

Arena.az COPE dərgisinə istinadən məlumat verir ki, Rantos bu turnirin yaradılmasının mümkün olduğu yeganə şərti açıqlayıb.

“Real”, “Barselona”, “Yuventus” və digər klublar UEFA-nın hüquqi səlahiyyətlərindən kənarda Super Liqa təşkil edə bilərlər. Lakin bu halda onlar Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasında, yəni heç bir UEFA yarışında eyni vaxtda oynaya bilməyəcəklər.

İştirakçı klublardan yalnız bir təşkilat seçimi etmək tələb olunacaq – bu, UEFA və FIFA-ya qarşı antiinhisar işi üzrə hüquq məsləhətçisinin əsas qənaəti və onun Avropa İttifaqının Ədalət Məhkəməsinin Böyük Palatasının 15 hakiminə tövsiyə xarakterli qərar verməsi əsasında müəyyənləşəcək.

Baş Müşavir həmçinin hesab edir ki, UEFA-nın futbol turnirlərinin yaradılmasına mane olmaq hüququ yoxdur. Amma təsis edilsə belə, UEFA-nın Super Liqada iştirak edən hər hansı klubu öz tərkibindən və ya himayəsi altında keçirilən turnirlərdən və ya oxşar turnirlərdən kənarlaşdırmaq üçün əsaslı hüququ olmalıdır.

Mənbə onu da bildirir ki, əksər hallarda Böyük Palatanın hakimləri qərar qəbul edərkən Baş Müşavirin gəldiyi nəticəyə əməl edirlər, lakin öz mülahizələri ilə qərar vermək hüququna malikdirlər.

FIFA və UEFA-ya qarşı antiinhisar iddiası üzrə məhkəmə prosesi dekabrın 21-də keçiriləcək.

Xatırladaq ki, 2021-ci ilin aprelində Avropanın 12 yüksək səviyyəli klubu Avropa Super Liqasının yaradıldığını elan edib. O zaman bu layihə UEFA, futbol liqaları və azarkeşlər tərəfindən geniş şəkildə tənqid olunmuşdu. Bundan sonra demək olar ki, bütün qurucu klublar liqanı tərk etmişdilər. Yalnız “Real”, “Barselona” və “Yuventus” layihədə qalıblar.

“Real”ın rəhbəri Florentino Peres Avropa Super Liqasının çılğın tərəfdarıdır. O, hazırda yarışın təşkili və keçirilməsi üzrə tərtibatın lideridir. Peres hazırda Avropanın 60-a yaxın klubu ilə Super Liqa ideyası haqda müzakirələr aparır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: