Xosep Qvardiola: “Ümidvaram ki, məni işdən çıxarmazlar”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gələcəkdə İspaniya yığmasını çalışdırmağının mümkünlüyü haqda sualı cavablayıb.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən Qvardiolanın bu barədə fikirlərini təqdim edir:

“İspaniya yığmasında iş? Hazırda “Mançester Siti”də xoşbəxtəm. Çox, çox xoşbəxtəm.

İngiltərə komandası ilə müqaviləmin bitməsinə hələ bir il var. Ümidvaram ki, məni işdən çıxarmazlar və mən burada qala bilərəm. Hər halda, hazırda mən ancaq və ancaq “Mançester Siti”ni idarə edirəm”, deyə ispan mütəxəssis bildirib.

Xatırladaq ki, hazırda İspaniya yığmasını 62 yaşlı mütəxəssis Luis de la Fuente çalışdırır.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb. “Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar. Ümumiyyətlə “Pep” “Mançester Siti”yə tarixinin ən şanlı dövrünü yaşadıb.

Qvardiola daha öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarını çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: