Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 18-ci tur çərçivəsində doğma meydanda “Antalyaspor”la qarşılaşıb.
Üç qolun qeydə alındığı qarşılaşmada futbolçumuzun komandası qələbəyə sevinib – 2:1. Meydan sahibləri 1 və 45-ci dəqiqədə fərqləniblər. Qonaqlar isə Şahruddini 85-ci dəqiqədə məyus ediblər.
Məhəmmədəliyev bu görüşə start heyətdə çıxıb və sonadək oynayıb. Millimizin qapıçısı Türkiyə Super Liqasında ilk dəfə oynadığı qarşılaşmada meydanı qalib kimi tərk edib.
“Adana Dəmirspor” bu qələbədən sonra 27 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “Antalyaspor” isə 24 xalla 8-cidir.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da cəmi 5 matç keçirib.


