Səudiyyə Ərəbistanı əcnəbi oyunçular üçün limiti artırır

Səudiyyə Ərəbistanı Peşəkar Liqası bu ölkədə çıxış edən əcnəbi oyunçular üçün həddi 10 legionerə qədər artırmağı planlaşdırır.

Arena.az bu barədə “The Telegraph” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, əcnəbi oyunçular üçün limitin artırılması turnirin brendini yüksəldəcək. Bu, həm də Səudiyyə Ərəbistanı çempionatına dünya bazarında daha böyük güc verəcək.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı çempionatında əcnəbi oyunçular üçün hədd sayı 8-dir.

2023-cü ilin yanvarında portuqal hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçdi və bununla da Avropadan adlı-sanlı futbolçuların bu ölkəyə bu gün də davam edən kütləvi axını davam edir. Artıq yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı Peşəkar Liqasının klubları oyunçulara ümumilikdə 1 milyard avro pul xərcləmişdilər.

Səudiyyə Ərəbistanına köçən futbolçular arasında Riyad Marez, Malkom, Neymar, Eduard Mendi, Fabinyo, Sadio Mane, Emerik Lyaport, Marselo Brozoviç, Aleks Telles, Yannik Karrasko, Aleksandr Mitroviç, Kalidu Kulibali, Ruben Neves, Cordan Henderson, Corcinyo Veynaldum kimi məşhur adlar var.

Xəbəri sosial şəbəkələrdə paylaş: