Şimali Makedoniya yığmasının hücumameylli yarımmüdafiəçisi Elif Elmas 23 milyon avro müqabilində “Napoli”dən “Leypsiq”ə keçib.
Arena.az bu bardə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Transferin digər maliyyə təfərrüatı açıqlanmayıb. Müqavilə 4,5 il müddətinə bağlanıb və 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. Elmas “buğalar”ın heyətində 6 nömrə altında çıxış edəcək.
Elmas “Leypsiq”ə keçidi haqda klubun rəsmi saytına danışıb: “Bundesliqaya keçmək və indi “Leypsiq”də oynamaq – mənim üçün bu, mütləq arzudur. Klub xüsusi bir taktika ilə oynayır: mütəmadi əks-hücumlar, sürətli nəbz və böyük hücum gücü ilə – bu, mənə mükəmməl surətdə uyğundur.
Komanda özünü mütləq yüksək səviyyəli Bundesliqa klubu kimi təsdiqləyib və eyni zamanda çox qısa müddətdə Avropanın məşhur klubuna çevrilib”.
Elif Elmas Şimali Makedoniyanın “Rabotniçki” (Skopye) klubunun yetirməsidir. 2017-ci ilin iyulunda “Rabotniçki”dən “Fənərbaxça”ya keçmiş Elmas, burada səviyyəsini artırıb və 2019-cu ilin iyulunda “Napoli”yə keçib.
Elmas cari mövsümün ilk yarısında “Napoli”nin heyətində bütün yarışlarda 16 oyun keçirib, 2 qol vurub. Elmasın “eşşəkciklər”in heyətində ümumi oyun mənzərəsi belədir: 189 oyun, 19 qol, 11 məhsuldar ötürmə.
Elmas karyerası ərzində 2 qənimət əldə edib və bunların hər ikisi “Napoli” ilə bağlıdır. O, 2019/2020 mövsümündə İtaliya Kubokunun, 2022/2023 mövsümündə isə İtaliya A Seriyasının qalibi olub.
Elif 2017-ci ilin iyununda debüt etdiyi Şimali Makedoniya yığmasının heyətində 56 oyuna çıxıb, 12 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Elmas əsas yığmaya düşənə qədər Şimali Makedoniyanın U-15 yığmasında U-21 yığmasına qədər bütün mərhələrdən keçib.
“Transfermarkt” internet-portalı 24 yaşlı şimalimakedoniyalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.


