Markos Alonso gələn həftə belindən cərrahi əməliyyat ediləcək

“Barselona”nın sol cinah müdafiəçisi Markos Alonso dekabrın əvvəlində zədələndiyi bel nahiyəsindən gələn həftə cərrahi əməliyyat ediləcək.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun “X” sosial şəbəkəsindəki rəsmi hesabı üzərindən məlumat verilib.

Vurğulanır ki, cərrahi müdaxilə başa çatdıqdan sonra “Barselona”nın mətbuat xidməti veteran futbolçunun səhhəti ilə bağlı məlumat verəcək.

Daha əvvəl mətbuatda, Markos Alonsoya gərəkli olan cərrahi əməliyyatın əvvəllər “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üzərində aparılmış əməliyyata bənzədiyi barədə məlumatlar yayılıb. Vurğulanırdı ki, Alonsonun zədədən sonra bərpası 2024-cü ilin martına qədər davam edə bilər.

Markos Alonso “Real”ın futbol akademiyasının yetirməsidir. Amma əsas komandada cəmi 1 oyun keçirib və elə, İspaniya nəhənginin ehtiyat komandası “Kastilya”dan “Bolton”a transfer edilib. Sonrakı illərdə Alonso “Fiorentina” və “Sanderlend” arasında icarə və satış üzrə var-gəl edib, 2016-cı ilin avqustunda “Çelsi”yə, 2022-ci ilin sentyabrında isə “zadəganlar”ın düşərgəsindən “Barselona”ya keçib.
Alonsonun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Alonso kataloniyalıların heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 7 oyuna çıxıb. Alonsonun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 44 oyun, 3 qol.

Alonoso “Barselona” ilə 2022/2023 mövsümündə İspaniya La Liqasının və İspaniya Super Kubokunun qalibi olub. Həmçinin Alonso “Çelsi” ilə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, Çempionlar Liqasını, Avropa Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.

Markos Alonso 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı “Barselona”nın 33 yaşlı sol cinah müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: