Bernardo Espinoza “Jirona”nı tərk etdi, İbrahima Kebe…

Kolumbiyalı mərkəz müdafiəçisi Bernardo Espinoza 2017-ci ildən formasını geyindiyi İspaniyanın “Jirona” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, azad agent kimi ölkəsinə qayıdıb və Kolumbiyanın “Atletiko Nasional” klubu ilə 1 illik müqavilə bağlayıb. 34 yaşlı müdafiəçi 2024-cü ilin 31 dekabrına kimi bu klubun formasını geyinəcək.

Bernardo Espinoza “Jirona”ya 2017-ci ilin iyul ayında İngiltərənin “Midlsbro” klubundan 4,5 milyon avro qarşılığında keçmişdi. O, 2019/2020 mövsümündə “Espanyol”da icarədə də olub. Espinozanın “Jirona” karyerası 174 oyun, 8 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

Espinoza karyerası ərzində “Sportinq” (Xixon), “Espanyol”, “Rasinq”, “Midlsbro”, “Boro” və “Sevilya” kimi klublarda da forma geyinib.

Yeri gəlmişkən, “Jirona” Malidən olan dayaq yarımmüdafiəçisi İbrahima Kebe ilə də yeni müqavilə bağlayıb. 23 yaşlı futbolçunun bu ilin yayında bitməli olan müqaviləsinin müddəti daha 2 il artırılıb. Bir sözlə, malili yarımmüdafiəçi 2026-cı ilin 30 iyununa kimi İspaniya klubunun uğurları üçün çalışmağa davam edəcək.

İbrahime Kebe peşəkar karyerasına məhz “Jirona”da başlayıb. O, bu komandanın heyətində indiyə qədər 68 oyuna çıxıb, 1 qola imza atıb.

Xatırladaq ki, “Jirona” bu mövsüm İspaniya La Liqasındakı uğurlu çıxışı ilə diqqət mərkəzindədir. La Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Real” və “Jirona” 48 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. “Kral klubu”, liderliyinə ortaq olan “Jirona”nı daha yaxşı top fərqinə görə qabaqlayır.

Xəbəri sosial şəbəkələrdə paylaş: