Neymarın atası Daniel Alvesin hesabına pul köçürdü, vəkil tutdu

“Əl-Hilal”ın hücumçusu Neymarın atası Neymar da Silva Santos Braziliya millisinin sabiq futbolçusu Daniel Alvesə dəstək durub.

Arena.az nüfuzlu UOL dərgisinə istinadən məlumat verir ki, Neymar da Silva məşhur həmyerlisinin hesabına pul köçürüb və ona vəkil tutub.

Mənbənin məlumatına görə, Dani şəxsən Neymarın ailəsi ilə əlaqə saxlayıb və futbolçunun atası Alvesin hesabına 150 min avro köçürüb. Bu vəsait Dani Alves tərəfindən təcavüzə məruz qalmış qadına təzminat kimi istifadə ediləcək. Üstəlik, bu məbləğ sayəsində Alvesin cəzası yüngülləşdirilə bilər.

Bundan əlavə, 2023-cü ilin yayında Daniel Alves Neymar da Silva Santosun ilk qanuni nümayəndələrindən biri olan Qustavo Ksistonu özünə vəkil təyin edib. Ksisto dərhal Daniel Alvesin keçmiş həyat yoldaşını gəlirləri idarə etməkdən uzaqlaşdırıb və bundan sonra Alves öz hesablarını dondurub. Bunun nəticəsində isə keçmiş həyat yoldaşı Daniel Alvesi alimenti (nəfəqə) ödəmədiyi üçün məhkəməyə verib.

Xatırladaq ki, Dani Alves cari ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb. Bu səbəbdən Dani Alvesi 12 il həbs cəzası gözləyir.

Daha əvvəl Barselona məhkəməsinin keçmiş müdafiəçinin işi üzrə istintaqı yekunlaşdırdığı və məhkəmənin tezliklə Daniel Alvesin barəsində qərar verəcəyi haqda məhkəmə prosesinin başlayacağı barədə məlumat verilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: