2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Samir Abasovun komandası Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşıb.
“Hermanştadt” hazıda Rumıniyanın yüksək liqasında 21 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb. Bu rəqiblə oyun sumqayıtlılar üçün uğursuz alınıb. Oyunun ilk hissəsi qolsuz bitsə də, rumınlar fasilədən sonra (46, 49 və 80-ci dəqiqələrdə) 3 cavabsız qola seviniblər. Beləliklə, “Sumqayıt”ın eyniadlı təmsilçisi Türkiyədəki ilk sınağından 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
Samir Abasov bu oyunda aşağıdakı heyətə güvənib: Mehdi Cənnətov, Rövlan Muradov, Səbuhi Abdullazadə, Erik Sorqa, Abu Dosso, Elvin Bədəlov (k), Murad Xaçayev, Roi Kehat, Oktavio, Tresor Mossi, Masaki Murata.
Bu oyunçular isə matça ehtiyatda başlayıblar: Orxan Sadıqlı, Murad Ağamalıyev, Nemət Şıxəmirov, Kamran Əliyev, Kazimir Ninqa, Tural Axverdiyev, Ayxan Süleymanlı, Nihad Əhmədzadə, Kamran Quliyev, Sənan Muradlı, Uğur Cahangirov, Nadir Orucov.
Xatırladaq ki, “Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də üz-üzə gələcək.


