Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 20-ci turu çərçivəsində “Pendikspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan heç-heçə ilə ayrılıb – 1:1. Hesabı 47-ci dəqiqədə hataylılar açıblar. Amma 90+4-cü dəqiqədə buraxılan qol qələbənin əldən çıxmasına səbəb olub.
Dadaşov bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 20 turdan sonra 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 15 oyun keçirib və 4 qol vurub.


