Samet Akaydın “Fənərbaxça”nı Fatih Terimin komandasına dəyişdi

Futbol üzrə Türkiyə millisinin və “Fənərbaxça”nın mərkəz müdafiəçisi Samet Akaydın Yunanıstanın “Panatinaikos” klubuna keçib.

Arena.az Türkiyə və Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu artıq bu transferlə əlaqədar Afinaya yollanıb.

Tezliklə tibbi müayinələrdən keçəcək türk futbolçu yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq. Tərəflər arasındakı sözləşmənin müddəti və transferin detalları da ondan sonra müəyyənləşəcək.

Xatırladaq ki, “Panatinaikos”un baş məşqçisi Türkiyə millisinin və “Qalatasaray”ın sabiq çalışdırıcısı Fatih Terimdir. Samet Akaydının da məhz onun istəyi ilə Afina klubuna gətirildiyi bildirilir.

Hava limanında açıqlama verən Samet Akaydın Yunanıstan klubuna keçidi ilə bağlı bunları söyləyib: “Buraya gəlməyimdə Fatih Terimin rolu olub. “Panatinaikos” mənə təklif edəndə bunu qəbul etməkdə tərəddüd etmədim. Komandanın hədəfinin çempionluq olması vacibdir, gəlmək istəməyimin səbəblərindən biri də bu idi. Burada Arao var, biz eyni komandada oynamışıq. Onunla danışdım, mənə bəzi şeylər dedi. Komandanın oyunlarını izlədim və azarkeşlərimizin çox yaxşı olduğunu gördüm. “Panatinaikos”da oynamaq üçün səbirsizlənirəm”.

Türkiyə Super Liqasında “Qalatasaray”dan 2 xal öndə olan lider “Fənərbaxça” ara transfer dönəmində heyətlə bağlı islahatlarını davam etdirir. Rodriqo Bekaonun zədəli olması, Djikunun Afrika Millətlər Kubokunda iştirakı, Serdar Eziz və Samet Akaydının performansının yaxşı olmaması səbəbindən müdafiədə problemlər yaşayan “sarı-lacivərdlilər” bir müddət əvvəl Bundesliqa təmsilçisi “Union Berlin”də çıxış edən Leonardo Bonuççini heyətinə qatmışdı. Məhz Bonuççininin gəlişindən sonra oyunlarda iştirak ehtimalı azalan Samet Akaydının “Panatinaikos”a gedişinə şərait yaradılıb.

Xatırladaq ki, Samet Akaydın 2023-cü ilin əvvəlində 3,7 milyon avro qarşılığında “Adana Dəmirspor”dan “Fənərbaxça”ya transfer olmuşdu. O, İstanbul təmsilçisində 34 oyuna çıxıb. Akaydın “Sancaktepe”, “Adana Dəmirspor”, “Keçiörengücü”, “Şanlıurfaspor”, “Arsinspor” kimi klubların da formasını geyinib. Müdafiəçi Türkiyə millisində də 4 oyun keçirib.

Bahar Rüstəmzadə

Xəbəri sosial şəbəkələrdə paylaş: