“Roma”nın norveçli sağ vingeri Ola Solbakken Yaponiyanın “Urava Red Daymonds” klubuna cari mövsümün sonuna qədər icarəyə yollanıb.
Arena.az bu barədə “Urava Red Daymonds”un rəsmi saytına istinadən məlumat verir.
Ola Solbakken “Roma”ya 2023-cü ilin yanvarında Norveçin “Bodo Qlimt” klubundan azad agent qismində keçmişdi. O, paytaxt təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Cari mövsümün ilk yarısında “Roma” Solbakkeni Pirey “Olimpiakos”una icarəyə vermişdi. Yarımmüdafiəçi Yunanıstan klubunun heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti diqqət çəkmədiyi 8 oyuna çıxıb.
Solbakkenin qənimətlər muzeyində “Bodo Qlimt”lə qazandığı ikiqat Norveç çempionluğu var.
Ola Solbakken 2021-ci ilin noyabrında debüt etdiyi Norveç yığmasının heyətində 11 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli vingerin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


